REGİONLAR
Xırdalan şəhərinin Zərifə Əliyeva küçəsi yenidən qurulur
Xırdalan, 13 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin Zərifə Əliyeva küçəsi əsaslı şəkildə yenidən qurulur. Küçənin uzunluğu 360 metr, eni isə 14-17 metr təşkil edir.
Bu barədə AZƏRTAC –a rayon icra hakimiyyətindən məlumat verilib. Belə ki, küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı götürülüb, bunun əvəzinə küçənin 6 min kvadratmetrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək. Həmçinin hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.