REGİONLAR
Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub
Xırdalan, 2 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalandakı Heydər Əliyev Mərkəzində “Abşeron rayonunun ərazi hissələrinin müfəssəl planlarının hazırlanması” layihəsi planı ictimaiyyətin müzakirəsinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində şəhərin baş planı, mövcud vəziyyəti əks etdirən və yeni hazırlanmış müfəssəl planının sxemi ilə tanış olublar.
Müfəssəl planın rayon icra hakimiyyətinin sifarişi ilə “Geoproject” MMC-nin hazırladığını qeyd edən rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev bildirib ki, layihənin istinad ili kimi 2018-ci il, birinci mərhələ kimi 2025-ci il, hesabat dövrü isə 2038-ci il qəbul edilib. Müfəssəl planda ayrılmış 35,26 hektar ərazi Xırdalan şəhərinin Baş planında tikintisi birinci növbədə həyata keçirilən ərazi kimi nəzərdə tutulub. Baş plana görə, seçilmiş ərazidə 9-16 mərtəbəli yaşayış evlərinin inşası planlaşdırılıb.
Planla bağlı ictimaiyyətə ətraflı məlumat verən layihənin baş memarı Yeganə Hacıyeva vurğulayıb ki, “Abşeron rayonunun ərazi hissələrinin müfəssəl planlarının hazırlanması” layihəsi üzrə seçilmiş 35,26 hektar ərazi Xırdalan şəhərinin mərkəzi hissəsində yerləşir.
“Ümumilikdə, layihələndirilən ərazidə mövcud çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının ümumi tikintialtı sahəsi 23 min 618 kvadratmetrdir”, - deyən layihənin baş memarı binalarda mərtəbələr üzrə ümumi sahələr haqqında məlumat verib.
O, “Geoproject” MMC tərəfindən layihələndiriləcək ərazidə müxtəlif ölçülü həyətyanı torpaq sahələri olan 98 ədəd fərdi yaşayış evinin söküləcəyinin, oradakı əhalinin isə yeni tikiləcək binalarda evlə təmin olunacağını bildirib. Həmçinin iki ümumtəhsil müəssisəsi və üç məktəbəqədər təhsil müəssisəsi layihələndirilib.
Vurğulanıb ki, layihələndirilən ərazidə yaşıllaşdırma üzrə bölgüyə əsasən ümumi istifadə olunan yaşıllıq ərazilər 7,79 hektar, məhəllə daxili yaşıllıq ərazilər 4,60 hektardır.
Sonda Geoproject” MMC-nin direktoru İlkin Əliyev ictimaiyyət nümayəndələrinin və şəhər sakinlərinin çoxsaylı suallarını cavablandırıb.