REGİONLAR
Xırdalanda "Nümunəvi məhəllə" layihəsi çərçivəsində abadlıq-quruculuq işləri görülür
Xırdalan, 3 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində "Nümunəvi məhəllə" layihəsi çərçivəsində abadlıq-quruculuq işləri aparılır. Layihə əsasən Xırdalan şəhərinin 27-ci məhəlləsində, Ceyranbatan qəsəbəsində isə Təbrik küçəsində çoxmərtəbəli yaşayış binalarının həyətlərində həyata keçirilir. Belə ki, müxtəlif şəxslər tərəfindən özbaşına zəbt edilmiş ərazilərdə müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, ətraf hasar və çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanıb və kəsilib.
Bu barədə AZƏRTAC-ın müxbirinə rayon icra hakimiyyəti başçısının müavini İlham Quluyev məlumat verib. O, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 27-ci məhəllədə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində aparılan işlərin yaxın günlərdə yekunlaşacağını vurğulayıb. Artıq 10 binanın həyətinə asfalt döşənib.
Ceyranbatan qəsəbəsində isə Təbrik küçəsindəki 1, 3 və 5 saylı çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasadları əsaslı təmir olunub. Hazırda pilləkən qəfəsələrinin təmiri işləri həyata keçirilir.
Həmçinin rayonun daxili imkanları hesabına çoxmənzilli yaşayış binalarının həyətində 360 metr uzunluğunda kanalizasiya xətləri yenilənir. Bu iş başa çatdıqdan sonra məhəllənin yollarına asfalt vurulacaq.