Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirilib
AzerTAg.az
Xırdalan, 4 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 20-ci məhəllə, 1 saylı beşmərtəbəli yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədilə sözügedən ünvanda olub.
AZƏRTAC xəbər verir ki, görüşdə güclü partlayış nəticəsində 70 mənzildən ibarət beşmərtəbəli yaşayış binasında 20-dən çox mənzilin pəncərələrinin, qapılarının və bir çox məişət əşyalarının yararsız vəziyyətə düşdüyü qeyd edilib.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları tərəfindən araşdırmalar həyata keçirilir. Araşdırmalardan sonra partlayışın konkret hansı səbəbdən baş verməsi, neçə mənzilə, ərazidəki avtomobillərə dəyən ziya müəyyən olunacaq. FHN-in verəcəyi rəydən sonra müvafiq addımlar atılacaq.
Sakinlərə bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən partlayış nəticəsində zərərçəkənlərin hamısının müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisi evə buraxılıb.




Xəbərin mətnində orfoqrafik səhv var