REGİONLAR


Xırdalanda yeni nasos stansiyasının inşasının tamamlanması ilə bağlı görüləcək işlər müzakirə olunub

Xırdalan, 16 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərində çirkab sularının axıdılması üçün nəzərdə tutulan nasos stansiyasının inşası davam edir.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin və “Azərsu” ASC-nin rəhbərliyi tikinti işlərinin getdiyi ərazidə olub, görülən işlərlə maraqlanıblar. Bildirilib ki, 2017-ci ilin iyul ayında Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası üzrə tikinti-quraşdırma işlərinə başlanılıb və 2019-cu ilin sonunda ilkin mərhələ üzrə işlər başa çatdırılıb.

Layihə çərçivəsində Xırdalan şəhərində hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 4,5 kilometr uzunluğunda magistral, 167 kilometr uzunluğunda şəbəkə su xətləri inşa edilib, 17639 ünvana birləşmə verilib. Eyni zamanda, şəhərdə 83 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunub.

Xırdalan şəhərinin şəbəkələri yenidən qurulduqdan sonra ərazidə formalaşan tullantı sularının həcmi artdığından mövcud 1 və 26 saylı kanalizasiya nasos stansiyalarının məhsuldarlığının artırılması zərurəti yaranıb və bu məqsədlə həmin stansiyaların yenidən qurulmasına qərar verilib.

1 saylı nasos stansiyasında dalğıc tipli müasir nasoslar quraşdırılıb, nasosların çıxış xəttinin mövcud kollektora birləşdirilməsi üçün Xırdalan şəhərinin Heydər Əliyev prospekti boyunca 1,7 kilometr uzunluğunda təzyiqli kanalizasiya xətti inşa edilib.

26 saylı kanalizasiya nasos stansiyasında yenidənqurma işləri aparılıb. Burada yeni nasosxana binası, elektromexaniki avadanlıqlar üçün otaqlar inşa olunub. Nasos stansiyasında məhsuldarlığı saatda 4320 kubmetr olan dalğıc tipli nasoslar quraşdırılıb.

Nasos stansiyasından Xırdalan dairəsinə qədər 1200 millimetr diametrli polad borularla 4,2 kilometr uzunluğunda təzyiqli kanalizasiya xətti inşa edilib.

Stansiyada yarım qalmış işlərin başa çatdırılması və mümkün qədər tez işə salınması istiqamətində fikir mübadiləsi aparılıb, görüləcək işlər, atılacaq addımlar müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.