CƏMİYYƏT
Xırdalanda yolun genişləndirilməsi məqsədilə tikinti altına düşən ağaclar köçürülüb
Bakı, 30 mart, AZƏRTAC
Dövlət Ekspertiza İdarəsi Xırdalan şəhərində Heydər Əliyev prospektinin genişləndirilməsi və yenidənqurulması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və götürülməsinə ictimai dinləmədən sonra rəy verib.
Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov AZƏRTAC-a bildirib ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında həmin layihə maraqlı tərəflərin, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ictimai dinləməyə çıxarılıb.
İdarə rəisi söyləyib ki, müzakirələrdə layihənin dövlət və sosial-infrastruktur əhəmiyyətli olduğu nəzərə alınaraq tikinti altına düşən və köçürülməsi mümkün olan ağac və kolların budanaraq köçürülməsinə rəy verilib. Köçürülməsi mümkün olmayan ağacların isə götürülməsi razılaşdırılıb.
M.Qəmbərovun sözlərinə görə, ağaclar Rayon Yaşıllaşdırma İdarəsi tərəfindən budanaraq kök torpağı ilə birlikdə çıxarılıb və digər münbit əraziyə köçürülüb.