REGİONLAR
Xırdalanın ən böyük sosial layihəsi - içməli su xəttinin və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir
Xırdalan, 18 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun inzibati mərkəzi sayılan Xırdalan şəhərinin müasir tarixində ən böyük sosial layihəsi - içməli su xəttinin və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir. Belə ki, şəhərin içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib. Bu haqda AZƏRTAC–a Abşeron Rayon İcra Hakimiyyəti başçısını müavini İlham Quluyev bildirib.
“Layihə çərçivəsində sovetlər dönəmindən qalan və istismar müddətini başa vurmuş müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir”,- deyən İ.Quluyev Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı ötən ilin iyul ayından başlanan işlərin cədvəl üzrə uğurla davam etdiyini bildirib.
Hazırda paralel olaraq su və kanalizasiya çəkilişi işləri başa çatan küçələrin asfaltlanmasının da həyata keçirildiyin qeyd edən başçı müavini ümumilikdə layihə çərçivəsində iki il ərzində 168 kilometr içməli su, 110 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilişi işlərinin həyata keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.