DÜNYA


Xirosima və “Qafqazın Xirosiması” adlandırılan Ağdam - oxşar və fərqli talelər

Tokio, 26 aprel, AZƏRTAC

Ermənistan silahlı birləşmələrinin xarici havadarlarının dəstəyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarının qəhrəman Ordumuz tərəfindən azad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti çox ağrılı bir məsələyə - təqribən 30 il müddətində işğal altında qalan həmin ərazilərdə törədilən vəhşiliyə, insan adına sığmayan dağıntılara, bu ərazilərdə həyatın son izlərinin silinməsinə yönəldi.

Həm Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu bölgələrə səfərləri zamanı aparılan çəkilişlər, həm də Müdafiə Nazirliyinin azad edilmiş yaşayış məntəqələrindən nümayiş etdirdiyi videogörüntülər bu yerlərin hansı zülmə məruz qaldığını bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Prezident İlham Əliyevin xarici jurnalistlər üçün təşkil etdiyi mətbuat konfranslarının iştirakçıları, Azərbaycandakı diplomatik korpusun bu ərazilərə səfərlərdə iştirak edən nümayəndələri, Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərin qonaqları erməni işğalçılarının törətdiyi görünməmiş vəhşiliyin canlı şahidi oldular. Həmçinin müxtəlif ölkələrin kütləvi-informasiya vasitələrinin hadisə yerindən yaydığı video və fotomateriallar əsasında bütün dünya Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı yaşayış məntəqələrimizi yalnız divarlardan ibarət dağıntılara çevirdiyini, viranə qoyduğunu gördü.

AZƏRTAC xəbər verir ki, bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət 44 günlük müharibədə möhtəşəm Qələbə qazanmış Azərbaycanın azad edilmiş torpaqlara qayıdış üçün böyük dirçəliş işinə başlamasının da şahidi oldu. İşğaldan azad olunmuş ərazilərdə törədilmiş genişmiqyaslı dağıntılara, düşmən tərəfindən xəritələri hələ də təqdim edilməmiş minalanmış ərazilərə baxmayaraq, bu torpaqlarda başlanmış nəhəng bərpa işlərini müşahidə etdi. Əmin oldu ki, Qarabağın bərpası üçün uzun illər lazım gəlsə belə, Azərbaycan dövləti və xalqımız cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və buna qadirdir.

Tarix boyunca bəşəriyyət misli görünməmiş dağıntılarla nəticələnmiş müharibələrin şahidi olub. Həmin müharibələrdən sonra insanların izinin tamamilə silindiyi həmin ərazilər məhz bu yerlərin həqiqi sahiblərinin böyük əməyi nəticəsində yenidən bərpa olunaraq həyata qaytarılıb. Təbii ki, bu dağıntılar arasında Yaponiyanın dünyada ilk dəfə olaraq atom bombasının atıldığı Xirosima şəhəri, onun insanı dəhşətə gətirən görüntüləri xüsusi yer tutur. Təsadüfi deyil ki, 2001-ci ilin aprelində ABŞ-ın Kaliforniya ştatının Ki-Uest şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş danışıqlarından sonra işğal altında qalan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən ziyarət edərkən ağlına ilk olaraq məhz Xirosima gəlmişdi. Həmin ərazilərdə qarşılaşdığı dağıntıları sonradan qələmə aldığı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında təsvir edən jurnalist yazır: “Parlaq yaz günü idi, buradan hətta 100 kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə, gözlərim aşağıdakı kiçik Xirosimada idi. Əvvəllər Ağdamın 50 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basmışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm”.

Təbii ki, amerikalı jurnalistin Ağdamı Xirosima ilə müqayisə etməsi heç də təsadüfi deyildi. Bu şəhərlərdən birincisinin dinc əhalisi ABŞ hərbçilərinin, digəri isə erməni vandallarının qurbanı olmuşdu. 1945-ci il avqustun 6-da ABŞ hərbçilərinin nəzakətlə “Balaca” adlandırdığı atom bombasının partlaması nəticəsində bir anın içində 140 minədək insan həyatını itirmişdisə, ermənilərin Qarabağa səlib yürüşü nəticəsində 100 minlərlə insan doğma yurdlarından didərgin düşmüş, 10 minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Amerikalılar insanlığa qarşı bu cinayəti ətraf ölkələri, o cümlədən Yaponiyanı militarizmindən xilas etmək məqsədilə, ermənilər isə qondarma “tarixi vətənlərini” azad etmək adı altında həyata keçirmişdilər. Bu məqamda müdrik bir hökmdarın uşaq üstündə çəkişməyə çıxan iki qadın arasında mübahisəni həll etmək üçün atdığı addım və verdiyi qərar yadıma düşdü. Bir gün bu hökmdarın yanına iki qadın gətirirlər. Həmin qadınlardan biri digərini onun körpəsini oğurlamqda ittiham edir və tələb edir ki, uşağı ona qaytarsınlar. Digər qadın isə bunun yalan olduğunu, həmin qadının onun övladını əlindən almaq istədiyini bildirir. Vəziyyətin mürəkkəbliyini görən hökmdar göstəriş verir ki, cəllad uşağı iki hissəyə ayırsın və hər parçasını bu qadınlardan birinə versin. Bu hökmü eşidən qadınlardan biri hökmdarın ayaqları altına yıxılaraq körpəsini öldürməməyi və onu yalançı qadına verməyi xahiş edir. Bunu görən müdrik hökmdar isə körpəni məhz bu qadına verməyi, digərini isə atdığı böhtana görə cəzalandırmağı tapşırır.

Ola bilər ki, bəzi oxucular bu hekayənin yersiz olduğunu hesab etsinlər, lakin buradan çıxan böyük məna kimin körpənin həqiqi anası olmasının öz təsdiqini tapmasıdır. Bəli, əgər ermənilər həmin torpaqların həqiqi sahibi olsaydılar, heç vaxt Qarabağı, oradakı yaşayış məskənlərini belə dağıtmaz, əksinə, o yerləri ötən 30 ildə tikib qurar, gözəl məkana çevirərdilər.

Həmçinin ABŞ hərbçiləri də Xirosimanı özləri qurub yaratmadıqlarına görə heç uf da demədən həmin şəhərə atom bombası atmışdılar. Bu bombanın təsirindən şəhərdəki canlı və cansız hər şey yanıb külə dönmüşdü və bu yerləri görənlər nə vaxtsa burada həyatın bərpa ediləcəyinə inanmırdılar. Lakin zəhmətsevərliyi, çalışqanlığı ilə seçilən yaponlar qısa müddətdə həmin ərazini bərpa etdilər, Xirosimanı müasir dünyanın qibtə edə biləcəyi şəhərlərdən birinə çevirdilər.

Atom bombasının atılmasından cəmi dörd il sonra Yaponiya hökuməti Xirosimanın yenidən qurulması barədə qərar qəbul edərək, burada “Sülh şəhəri”nin inşası işlərinə başlamışdı. Şəhərin bərpası barədə qərar onun yalnız inşasını yox, həm də sülhü təbliğ edən xatirə kompleksi, həqiqətən də sabit və dayanıqlı sülhü təbliğ edən yaşayış məskəni kimi qurulmasını nəzərdə tuturdu.

Yaponiya hakimiyyət orqanlarının və sadə sakinlərin məqsədyönlü fəaliyyəti nəticəsində artıq 1960-cı illərin əvvəllərində Xirosima demək olar tam bərpa edildi. Motoyaşu çayının sahilində - atom bombasının partladığı yerdə ümumi sahəsi 12 hektardan çox Sülh Xatirə Parkı salındı. Hazırda həmin parkda Sülh Xatirə Muzeyi, Sülh mərasimlər zəngi və çoxsaylı abidələr var.

Ermənilərin də Azərbaycanın dilbər guşəsi Qarabağda törətdiyi vəhşiliklər, viranəyə çevirdiyi yaşayış məskənləri, dağıtdığı tarixi və mədəni abidələr bəzilərində bu yerlərin bərpasının qeyri-mümkünlüyü fikrini yaradır.

Xirosimanın bərpası təcrübəsi Azərbaycanın viranə qoyulmuş ərazilərinin, daşı-daş üstündə qalmayan şəhər və kəndlərinin bərpası zamanı öyrənilə və tətbiq oluna bilər. Bununla yanaşı, Ağdam ilə Xirosima arasında istənilən formada əməkdaşlığın qurulması, bu şəhərlərin sakinləri arasında dağıdılmış məskənlər barədə biri-birini həm məlumatlandırmaq, həm də gələcəkdə əlaqələrin inkişaf etdirilməsi, tarixin bölüşdürülməsi baxımından da əhəmiyyətli ola bilər.

Bütün Xirosimanı bərpa edən yaponlar gələcək nəsillər üçün burada yalnız bir binanı atom bombasının atılmasından sonra düşdüyü vəziyyətdə saxlayıblar. Bu, həmin vaxt fəaliyyət göstərmiş Xirosima Sənaye Palatasının binası – Qembaku günbəzidir. Yalnız yarıuçmuş divarları və damının kaskadı qalmış bu bina sülhün rəmzi və nüvə silahının ləğvinə çağırış kimi qorunur.

Xirosimada ucaldılan abidələr arasında balaca qızcığaz Sadako Sasakiyə həsr olunmuş heykəl xüsusi yer tutur. Hər il Xirosima məktəbliləri bu abidəni kağızdan düzəldilən minlərlə durna ilə əhatəyə alırlar. Bunun səbəbi isə 1945-ci ildə, cəmi 2 yaşında olan Sadakonun güclü radiasiyaya məruz qalması və 1954-cü ildə onda leykemiya xəstəliyinin aşkar olunması ilə əlaqələndirilir. Yaxınlarından biri ona kağızdan 1000 ədəd durna düzəltməyi və bununla da istənilən arzusuna çata biləcəyi barədə əfsanə danışır. Həmin əfsanəyə inanan qızcığaz bu durnaları düzəltməyə başlayır, bu işdə yaxın rəfiqələri də ona kömək edirlər. Lakin həmin durnaların sayı 644-ə çatanda qızcığaz həyatını itirir. Sadakonu 1955-ci il oktyabrın 25-də dəfn edirlər. Bundan dörd il sonra isə Sülh Xatirə Parkında əlində kağızdan hazırlanmış durna tutmuş qızcığazın heykəli ucaldılır. Beləliklə, balaca qızcığaz bütün bəşəriyyət üçün sülhün və tərəqqinin rəmzinə çevrilir.

Yəqin ki, Dağlıq Qarabağ və ətraf rayonlar ermənilər tərəfindən işğal edildikdən və yerli azərbaycanlılar etnik təmizləməyə məruz qoyulduqdan sonra doğma evlərinin həsrəti ilə yaşayan, lakin bu yerlərə dönmədən həyatını itirən azərbaycanlı uşaqlar da yox deyil. Yəqin ki, onların da özlərinə xas həyat hekayələri var.

Xirosima Sülh Parkında yerləşən “Sülh məşəli” abidəsində alov onun inşa edildiyi 1964-cü il avqustun 1-dən etibarən fasiləsiz yanır. Onun müəlliflərinin ideyasına görə, bu məşəl Yer kürəsindəki bütün atom bombaları həmişəlik ləğv edilməyənədək yanacaq.

Bu gün Xirosima özünün gözəl parkları və bağları, sərgi salonları və biznes mərkəzləri olan müasir şəhərdir. Qətiyyətlə demək olar ki, Ağdam da, Qarabağda yerləşən digər şəhər və kəndlərimiz də tezliklə belə gözəl və inkişaf etmiş yaşayış məskənlərinə çevriləcək. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, işğaldan azad edilmiş ərazilərdə quraşdırılacaq “Ağıllı məkan” layihələri bu yerlərin ən müasir yaşayış məskənlərinə çevirilməsinə səbəb olacaq.

Bütün dünyada Azərbaycan ərazisi hesab edilən Qarabağda ermənilərin yaşamasına gəlincə, bunun iki yolu var. Vaxtilə Rusiya çarizminin imperiya siyasəti və yerli azərbaycanlıların mərhəməti nəticəsində bu cənnətməkan əraziyə yerləşdirilən ermənilər ya bu torpaqların həqiqi sahiblərini tanıyaraq burada azərbaycanlılarla birlikdə çalışmalı, viranə qoyduqları məkanı bərpa etməyə yardım göstərməli, ya da buradan birdəfəlik getməlidirlər. Əgər bu torpaqlarda yaşamaq istəyirlərsə, xəstə erməni təfəkküründən imtina etməli, millətçiliyin əsarətindən qurtulmalıdırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.