MƏDƏNİYYƏT
Xızı rayonuna təşkil olunan press-tur başa çatıb
Bakı, 1 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Xızı rayonuna təşkil olunan press-tur başa çatıb.
AZƏRTAC xəbər verir ki, bir sıra media təmsilçilərinin və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan press-tur, ölkə ictimaiyyətini rayonun Altıağac qəsəbəsində yerləşən “Cənnət bağı” hotelinin nəzdində fəaliyyət göstərən “Altay maralı” sanatoriya tipli Sağlamlıq Mərkəzində həyata keçirilən müalicə üsulları ilə tanış etmək məqsədi daşıyıb.
Turun ilk günü sağlamlıq mərkəzi haqqında media nümayəndələrinə məlumat verilib. Bildirilib ki, , 2015-ci ilin mayından fəaliyyət göstərən mərkəzdə Altaydan gətirilərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından pant vannaları, mikroimalələr və maskalar hazırlanır. Mərkəzdə müasir avadanlıqlar quraşdırılmış 16 vanna otağı fəaliyyət göstərir. Xəstələrin tam müalicə kursu və asudə vaxtlarının maraqlı keçməsi üçün hər cür şərait yaradılıb.
Press-tur çərçivəsində “Azərbaycanda turizmin tarixi və inkişaf meyilləri, perspektivləri” mövzusunda “dəyirmi masa” da təşkil olunub.
“Dəyirmi masa”da Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev son illərdə ölkəmizdə turizm sənayesinin, xüsusilə də sağlamlıq turizminin inkişafı üçün həyata keçirilən tədbirlərdən söz açıb.
Qeyd olunub ki, ilboyu turist qəbul etmək imkanları olan sağlamlıq turizminin daha da inkişaf etdirilməsi üçün Azərbaycanda böyük potensial var.
R.Quliyev vurğulayıb ki, “Altay maralı” üsulu ilə müalicənin ölkəmizdə fəaliyyətə başlaması yerli turistlər üçün həm qiymət, həm də məsafə baxımından daha əlverişlidir.
Sağlamlıq mərkəzinin layihə rəhbəri Araz Qədimzadə çıxış edərək müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dilbər guşələrindən birində yerləşən “Cənnət bağı” istirahət mərkəzinin nəzdində, maralçılıq təsərrüfatı yaradılıb: “2013-cü ildən fəaliyyət göstərən bu təsərrüfatda Altaydan gətirilən xüsusi növ marallar (Cervus Elaphus Sibiricus) bəslənir. Təbiəti Altayın təbiətinə bənzəyən Altıağacda marallara bir neçə hektar meşə zonası ayrılıb və bu füsunkar heyvanların bəslənməsi üçün zəruri olan hər cür şərait mövcuddur. Yaradılan şərait nəticəsində maralların iqlimə uyğunlaşma dövrü uğurla başa çatıb”.
Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Möhsün Bağırov rayonda turizmin inkişaf etdirilməsi üçün görülən işlərdən və əsrarəngiz təbiəti olan Xızı rayonunda turizm sahəsinə göstərilən diqqətin hər il artırıldığını bildirib.
Daha sonra sağlamlıq mərkəzinin həkimi Zahir Kərimov burada həyata keçirilən müalicə prosesindən danışaraq mövcud xidmətlərin tibbi əhəmiyyətindən söz açıb.
İki gün davam edən press-turda iştirak edənlər Xızı rayonu, eləcə də “Altay maralı” sanatoriya tipli Sağlamlıq Mərkəzi ilə yaxından tanış olublar.