CƏMİYYƏT
Xızı rayonunda 13 zenit top mərmisi və müxtəlif çaplı 42 patron aşkarlanıb
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 10-da saat 20:09-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunda yerləşən “N” saylı hərbi hissənin yaxınlığından mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Xızı Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin hərbi polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, rayon polis şöbəsinin və hərbi polis idarəsinin əməkdaşları iyulun 10-11-də Xızı rayonunun Məşədihəsən kəndindən keçən körpünün altına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 13 ədəd zenit top mərmisi (BZT) və müxtəlif çaplı 42 patron aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Zenit top mərmilərinin və patronların tapıldığı yerin ətrafında 202 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.