REGİONLAR
Xızıda “Şuşa İli”nə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib
Xızı, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilmədilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xızıda “Şuşa İli” ilə əlaqədar təşkil olunan “Əziz Şuşa, sən azadsan” mövzusunda keçirilən tədbirdə bildirilib.
Xızı rayon Uşaq Musiqi Məktəbində təşkil olunan tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək Azərbaycan musiqisinin beşiyi Şuşanın düşməndən azad olunması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Üzeyir Hacıbəyli musiqi festivalı və Milli Musiqi Günü Şuşada qeyd edilib. Üzeyir bəyin Şuşada yenidən ucaldılan abidəsi önündə konsert proqramı təşkil olunub. Bu konsertlərdə Xan Şuşinskinin və Azərbaycanın digər görkəmli incəsənət xadimlərinin mahnıları səslənib.
Tədbirdə Xızı rayonu Uşaq Musiqi Məktəbinin “Xızı dağları” ansamblının və məktəbin müəllimlərinin ifasında xalq mahnıları səslənib, məktəbin nağara sinfinin məzunları, qızlar ansamblı və şagirdlərdən ibarət xor kollektivinin musiqi nömrələri təqdim olunub. Tamaşaçılar tərəfindən maraqla qarşılanan ədəbi-bədii kompozisiyada Qarabağa, Şuşaya həsr olunan şeir və mahnılar səsləndirilib.