İQTİSADİYYAT
Xızıda bu rayondan və ətraf bölgələrdən olan 32 sahibkara 4,5 milyon manat güzəştli kredit verildi VİDEO
Xızı, 17 iyul (AZƏRTAC, Elxan Yusifli). İyulun 17-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı və ətraf rayonlardan olan 32 sahibkara 4,5 milyon manat güzəştli kredit verildi.
Kreditlər əsasən, heyvandarlıq, polietilen örtüklər və polipropilen boru və tara istehsalı, quşçuluq, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, sahibkarların güzəştli kreditlər almaları Sahibkarlığa Kömək Milli Fondunun Xızıda keçirdiyi işgüzar forum çərçivəsində reallaşdı.
İşgüzar forumun əsas məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Xızıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsindən ibarət idi.
Ümumilikdə 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kiçik cins heyvandarlıq və arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) təsərrüfatlarının, pendir istehsalı və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi. Bildirildi ki, bu investisiya layihələrinin ümumi dəyəri tamamilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək bildirdi ki, 2014-cü ilin ötən dövründə ölkə üzrə 2842 sahibkara 132,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6300-dən çox yeni iş yerlərinin yaradılmasına imkan yaradır.
Xızı rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparıldı və güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatlarının fəaliyyətinə baxış keçirildi.