REGİONLAR
Xızıda dövlətin güzəştli maliyyə dəstəyi ilə müasir istixana və cins heyvandarlıq kompleksləri tikilir
Xızı, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 660 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, polietilen paket, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 50 yeni iş yerinin açılması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, kreditlər iyulun 21-də Xızıda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində təqdim olunub.
Forumda qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Tədbir çərçivəsində sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Xızıda həyata keçirilməsi məqsədəuyğun sayılan nümunəvi layihələr təqdim olunub.
Yüzdən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması, şirniyyat istehsalı müəssisəsinin və üç ulduzlu otelin inşası üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bildirilib ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi güzəştli kreditlər hesabına maliyyələşdiriləcək.
Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövründə 1383 sahibkara 76,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 315,4 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq kompleksi, quşçuluq fabrikləri, çörək zavodları, tikinti materialları, tara istehsalı, ət və süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Forum çərçivəsində Xızıda güzəştli kredit ayrılan, ildə 4 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan istixana və 1000 başlıq cins heyvandarlıq komplekslərində aparılan tikinti işlərinə baxış keçirilib.
Ümumilikdə indiyədək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 48 müasir istixana kompleksinin yaradılmasına 141,5 milyon manat, illik istehsal gücü 189,6 min ton süd və 2,6 min ton ət olan 23 cins heyvandarlıq kompleksinin yaradılmasına 104,7 milyon manat güzəştli kredit verilib.