REGİONLAR
Xızıda evində partlayıcılar gizlədən və Giləzi qəsəbəsində qumbara partladan şəxslər saxlanılıb VİDEO
Xızı, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 21-i gecə saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar şöbə əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin ərazidən daha bir partlamamış əl qumbarası aşkarlanıb.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Sərvan Nəbiyevi qəsəbə ərazisində saxlayaraq polis şöbəsinə gətirib. S.Nəbiyev dindirilmə zamanı tutduğu əməli etiraf edərək əl qumbaralarını tanışı Yalçın Novruzovdan əldə etdiyini bildirib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Y.Novruzov da qəsəbə ərazisində saxlanılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri ilə birlikdə ona məxsus yaşayış evinə keçirilmiş baxış zamanı həyətyanı sahədən iki ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.