REGİONLAR
Xızıda gəzinti təyinatlı gəmidən oğurluq edən dəstə üzvləri saxlanılıb VİDEO
Xızı, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gəzinti təyinatlı gəmidən oğurluq edən dəstə üzvlərini saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin aprel ayında Xızı RPŞ-nə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus “Rusbot-85K” tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub.
Polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırmalarla gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80 min manat məbləğində qiymətləndirilən 2 ədəd “Merkuri-200” markalı əsas və ehtiyat mühərrikləri, akkumlyator və uzaqdan idarəetmə cihazı oğurlanması müəyyən edilib.
Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən dəstə saxlanılıb. Araşdırmalarla onların Giləzi qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov olmaları müəyyənləşib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Məlum olub ki, saxlanılan şəxslər aprel ayının 27-də axşam saatlarında gəzinti təyinatlı gəmidən oğurluq edərək, Vidadi Abasova məxsuz “VAZ 2106” markalı avtonəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıblar.
Dəstə tərəfindən oğurlanan mühərriklər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Xızı Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam edir.