REGİONLAR
Xızıda qapalı boru ilə yeni su xətti çəkilib
Xızı, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
Xızı rayon Suvarma Sistemləri İdarəsi yaz suvarma mövsümünə hazırlaşır. Bu məqsədlə rayonda kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9 min 989 hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2 min 970 hektar idi. Dövlət başçısının Sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində bu gün rayonda suvarılan sahələr 12 min 959 hektar təşkil edir.
Həm əvvəllər mövcud olan, həm də əkin dövriyyəsinə yeni cəlb edilən sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 337 kilometr uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 kilometri açıq, 236 kilometri isə qapalı tiplidir. Kanallar üzərində 1899 ədəd hidrotexniki qurğu quraşdırılıb.
Xızı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda təsərrüfat sahiblərinin vaxtında və itkisiz suvarma suyu ilə təmin edilməsi məqsədilə ötən il torpaq məcralı 4 min 300 metr uzunluğunda kanal qapalı boru kanalla əvəzlənib. Bu işlər cari ildə də davam etdirilir.
Rayonun Giləzi qəsəbəsinin suvarma suyu təminatını yaxşılaşdırmaq məqsədilə 1200 metr qapalı boru ilə su xətti çəkilib. Bu layihənin icrasından sonra 50 hektar ərazinin rahat və itkisiz suvarılması təmin edilib.