CƏMİYYƏT
Xızıda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 12-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Xızı rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Xızı Rayon İcra Hakimiyyətinin binasında vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvü onların hüquqi problemləri ilə tanış olub, əhaliyə müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da təşkil olunması nəzərdə tutulub.