REGİONLAR
Xızıda yeni suvarılan 800 hektara yaxın sahədən ilk dəfə məhsul toplanacaq VİDEO
Xızı, 24 may, Elxan Yusifli, AZƏRTAC
Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində aparılan işlər artıq öz müsbət nəticəsini verməkdədir. Bu il rayon ərazisində yeni suvarılan 800 hektara yaxın sahədən ilk dəfə məhsul toplanacaq. Fermerlər yeni suvarılan ərazilərdə daha çox taxıl, yem və bostan bitkiləri becəriblər.
AZƏRTAC xəbər verir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində Xızı rayonunda 7 min 111 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bu ərazilər Xızının Giləzi, Şurabad, Sitalçay kəndlərinin torpaq sahələridir. Heç vaxt suvarılmayan sahələrin su ilə təminatı üçün hər 10 hektara 1 ədəd hidrant quraşdırılıb, 12 müasir su çiləyici qurğu işlək vəziyyətə gətirilib. Bununla da fermerlərə suvarma suyundan rahat istifadə etmək imkanı yaradılıb.
Yeni suvarılan torpaqlarda taxıl əkən təsərrüfatçı Gülaga Əzimov bildirib ki, əvvəllər bu sahələrdən cəmi 10-15 sentner məhsul əldə etmək mümkün olurdu. Ərazinin suvarma suyu ilə təminatından sonra bu göstərici 35-40, bəzi sahələrdə isə hətta 50 sentnerə qədər yüksəlib.
Xızıda suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində işlərə 2014-cü ilin iyulundan başlanılıb və prosesin üç mərhələdə reallaşdırılması nəzərdə tutulub.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevin sözlərinə görə, bu vaxta kimi rayonda cəmi 2 min 970 hektar torpaq suvarılırdısa, yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində görülən işlər nəticəsində bu rəqəm dörd dəfədən çox artaraq 13 min hektara çatacaq.
Xızı rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi işləri Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron su kanalından götürülən suyun hesabına reallaşacaq.