REGİONLAR
Xızılı fermerlərə səyyar satışda güzəştli şərtlərlə 20 ton mineral gübrə satılıb
Xızı, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 3-də “Aqrolizinq” ASC tərəfindən Xızı rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmanqulukənd kəndində təşkil olunan səyyar satışda 40-a yaxın fermerə 20 ton mineral gübrə satılıb.
Səyyar satışdan yararlanan təsərrüfatçılar mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər.
“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Bu günə kimi 21 rayonda səyyar satış həyata keçirilib.