REGİONLAR


Xızır peyğəmbərin qayası adlanan, yadellilərə qarşı istehkam olan Beşbarmaq dağı FOTOLENT VİDEO

Siyəzən, 10 iyun, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilən Beşbarmaq dağı Siyəzən rayonunun Qalaşıxı kəndinin ərazisində yerləşir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beşbarmaq dağına Siyəzənin rayon mərkəzindən avtomobillə yarım saat ərzində çatmaq mümkündür. Əraziyə gedən torpaq yol yaz-payız fəslində palçıqlı, qışda isə sürüşkən olduğundan təbiət abidəsi daha çox yay aylarında ziyarət edilir.

Beşbarmaq dağının ətrafındakı son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları dövlət mühafizəsinə götürülən tarix və mədəniyyət abidələridir.

Xəzər dənizinin sahilində beş çılpaq zirvədən ibarət olan bu dağ xalq arasında “Xızırzində baba” və yaxud “Xızırzində dağı” kimi tanınır. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən dağın ibadət olunan pirə çevrilməsinə səbəb olub.

Alban tarixçisi Moises Kalankatlı Beşbarmaq səddinin Sasani padşahı II Yezdəgirdin dövründə (V əsr) çəkildiyini göstərir. Tarixi mənbələrə görə Beşbarmaq səddi köçərilərin qarşısını almaq üçün çəkilib. Beşbarmaqda qala ilə yanaşı, karvansara da olub.

Tarixçi Vasif Əliyev bildirir ki, Xəzər dənizinin qərb sahillərində sərhədlərin yadellilərdən qorunması üçün Beşbarmaq, Gilgilçay və Dərbənd istehkamları tikilib. Beşbarmaq və Gilgilçay istehkamları daha qədim tarixə malikdir.

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” kitabında “Quran”da adı çəkilən Məcməül-bəhreyn, yəni iki dəniz qovşağının Şirvan vilayətində yerləşdiyini, həmçinin Musa və Xızır peyğəmbərlərin səxrəsinin (qayası) də orada olduğunu qeyd edir. Adına və əlamətlərinə görə bu qaya Xızırzində ola bilər. “Xızırzində” adının tərkibindəki “zində” sözü “sağ”, “diri” mənasını verir, bu da qədim Şərq folklorunda tez-tez adı çəkilən “abi-zəmzəm” - “dirilik suyu” içmiş Xızır (Xıdır) peyğəmbərə işarədir. Ona görə də bəzi tarixi mənbələrdə Beşbarmaq zirvəsi Xızır peyğəmbərin qayası adlanır.

Bəzi tədqiqatçılar qeyd edir ki, Beşbarmaq sözünün tərkibindəki “barmaq” termini “şiş təpə” mənasındadır. Başqa bir fikrə görə isə Beşbarmaq “Baş barmaq” sözündən yaranıb. "Beşbarmaq" adının 5 barmaqla deyil, "Barmak" toponimi ilə əlaqəli olması ehtimalı da var. XVIII əsrə qədər yuxarıda bu ərazilərin hamısı Quba xanlığının Barmak mahalına aid olub.

Beşbarmaq dağı dəniz səviyyəsindən 445 metr yüksəklikdədir.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 iyun tarixli Sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib.

Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq yeni qoruğun yaradılması, buradakı mədəni və təbii irsin qorunması, habelə turizmin inkişaf etdirilməsində mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.