QAN YADDAŞI
“Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünə Pakistan da dəstək verib VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF ARM) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin, eləcə də Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun tərəfdaşlığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.
Avrasiya üzrə Regional Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə İslamabadın mərkəzi meydanlarının birində qrafik üsulla divarlara çəkilmiş, Xocalı faciəsini əks etdirən rəsm və foto sərgisi baş tutub.
Daha sonra Qızlar üçün Dövlət Politexnik Universitetinin binasında Xocalı faciəsinin 30 illiyi ilə bağlı geniş tədbir keçirilib. “Qurani-Kərim”dən ayələrin oxunması, Azərbaycanın və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan seminarda Pakistanın Tədqiqat, İnkişaf və Planlaşdırma Komitəsinin sədri Şakil Əhməd, Qızlar üçün Dövlət Politexnik Universitetinin direktoru Şabana Arif, Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadov, Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun icraçı direktoru Qayser Navab çıxış ediblər.
Çıxışlarda Xocalı faciəsi insanlığa qarşı cinayət kimi dəyərləndirilib. Ermənistan hökumətinin Xocalı faciəsini tanıması ilə bağlı Srebrenitsa Anım Muzeyi Kompleksinin direktor müavini Amra Beqiç tərəfindən irəli sürülən və İƏGF ARM-in beynəlxalq kampaniyaya çevirdiyi “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsündən, pakistanlıların bu təşəbbüsə qoşulmasının vacibliyindən, eləcə də Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra regionda sülhün bərqərar olunması üçün şəraitin yaranmasından bəhs edilib. Tədbir iştirakçıları onlayn “Xocalı: Barışıq üçün etiraf et” kampaniyasına da qoşulublar.
Bundan başqa, pakistanlı gənc fəallar Xocalı faciəsi qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçiriblər.