QAN YADDAŞI
Xocali Qurbanları Milli İncəsənət Muzeyində də anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Milli İncəsənət Muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazirliyin rəsmiləri və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanla yazılıb. Erməni vandallarının dinc Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımı aktı mənfur düşmənin ümumbəşəri, insani dəyərləri heçə saydığını ortaya qoyub. Həmin müdhiş gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın amansızlıqla qətlə yetirilib, 1275 sakin girov götürülüb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Azərbaycan xalqı Xocalı qətliamını heç vaxt unutmayacaq.
Tədbir boyu bir-birini əvəz edən musiqi, tamaşa və bədii qiraət həmin gecə yaşananları bir daha xatırladıb. Faciənin dərin hüznünü Çinarə Quliyeva öz rəqsi ilə, Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə S.Slonimskinin “Zınqırov” əsərinin ifası ilə çatdırıb.
Tədbirdə Bakı Uşaq Teatrının aktyorları Mehman Dilqəmoğlu və Nərminə Məmmədzadə “Xocalı” şeirini səsləndirib. Daha sonra “Vətən” tamaşası nümayiş olunub.
Tədbir aktyorların səhnədə üçrəngli Azərbaycan bayrağının qaldırılması və C.Hacıyev adına 3 nömrəli musiqi məktəbi xor kollektivinin ifasında himnimizin səsləndirilməsi ilə yekunlaşıb.