QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi Brüsseldə anılıb

Brüssel, 23 fevral, AZƏRTAC

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belçikadakı səfirliyi və Belçika Brüssel Paytaxt Regionunun Hərbi komandanlığı ilə birgə Brüssel şəhərində yerləşən “Konqres sütunu” memorial kompleksinin yanında dəfn olunmuş naməlum əsgərin məzarı önündə anım mərasimi təşkil olunub. Mərasimdə Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və həmin hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi dəyərləndirib. O, Avropanın paytaxtı hesab edilən Brüsseldəki bu tədbirin Azərbaycanın və Avropanın ümumi tarixi nöqteyi-nəzərindən rəmzi əhəmiyyət kəsb etdiyini bildirib, II Dünya müharibəsi zamanı 350 mindən çox azərbaycanlının Avropanın dinc gələcəyi naminə öz həyatlarını qurban verdiklərini xatırladıb. Səfir bugünkü mərasimlə Azərbaycan xalqının məruz qaldığı Xocalı soyqırımının Avropanın öz uzun tarixi boyu üzləşdiyi insan faciələri sırasında qeyd edildiyini vurğulayıb.

Sonra Belçika hərbçilərinin müşayiəti ilə naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb, Azərbaycanın və Belçikanın dövlət himnləri səsləndirilib. F.İsgəndərov memorial kompleksin xatirə kitabında Xocalı soyqırımı barədə qeyd yazıb.

Mərasimdən sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Brüsselin Kral İncəsənət Muzeyində Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi və Belçika Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc rəssam Ramal Kazımın faciəyə həsr olunmuş rəsmlərindən ibarət “Xocalıya ədalət!” adlı sərgi açılıb. Sərginin açılışında edilən çıxışlarda faciənin ağır nəticələrinin incəsənət dili ilə tanıdılmasının önəmindən bəhs olunub, nümayiş etdirilən rəsm əsərlərinin Pablo Pikassonun “Gernika” əsərinin nümunəsində yaşanan insan faciəsinin bədii və emosional şəkildə təqdim edilməsi üçün ən səmərəli vasitələrdən biri olduğu diqqətə çatdırılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.