REGİONLAR


Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biridir

Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC 

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sumqayıt şəhərində də anılıb. Minlərlə insanın iştirak etdiyi anım mərasimində şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları Sumqayıtın simvolu olan “Göyərçin” abidəsi önündə yığışaraq şəhərin Şəhidlər xiyabanı memorial kompleksinə yürüş ediblər.

Əvvəlcə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonra Şəhidlər xiyabanında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucalan abidə ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi anılıb.

Daha sonra şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğunu deyib. Zakir Fərəcov bildirib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi qeyd edilməlidir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyasının keçirildiyini vurğulayan icra hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, artıq bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Söhbət zamanı Xocalı sakinləri Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamın təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər.

Qeyd edək ki, Sumqayıtda Xocalıdan olan 105 ailə məskunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.