REGİONLAR
Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir
Gəncə, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş ümumşəhər anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhərin idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xatirə kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzüblər.
Naftalan Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə faciə qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. O, Xocalı soyqırımı haqqında həqiqətin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyətin bu gün də davam etdirildiyini qeyd edib. Vüqar Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsinin dünya miqyasında soyqırımı kimi tanıdılması çərçivəsində böyük işlərin görüldüyünü, bu istiqamətdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının başlandığını bildirib.
Tədbirdə şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin Əməkdar müəllimi Sədrəddin Muradov “26 fevral Xocalı soyqırımı XX əsrin faciəsidir” və şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova “Ermənistanın işğalçı siyasəti” mövzularında çıxış ediblər.