REGİONLAR


“Xocalı faciəsi insanlığa qarşı cinayətdir” mövzusunda interaktiv dərs keçirilib

Naxçıvan, 26 fevral, AZƏRTAC

Fevralın 26-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv dərs keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dərsdə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktlarından və onun davamı olan Xocalı faciəsindən söhbət açılıb. Qeyd olunub ki, əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Döyüşlərdə canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə apardılar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirildilər.

Bildirilib ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verib, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə müraciət edərək beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırıb. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Qeyd olunub ki, bu gün Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, münaqişənin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

Qeyd edək ki, muxtar respublikanın ümumtəhsil məktəblərində bir dərs saatı Xocalı soyqırımına həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.