QAN YADDAŞI
Xocalı faciəsi insanlığa sığmayan ən dəhşətli qətliamlardan biridir
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xocalı faciəsinin iyirminci əsrdə törədilmiş insanlığa sığmayan ən dəhşətli faciələrindən biri olduğunu diqqətə çatdırıb. Erməni daşnaklarının iyirminci əsrin əvvəllərində də azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiklərini xatırladan baş direktor Xocalı soyqırımının bir xalqı, milləti məhv etmək məqsədi daşıdığını deyib. “Bu qırğında ermənilər qoca, qadın, uşaq demədən dinc insanları azərbaycanlı olduqlarına görə qətlə yetirdilər. Orada əsir götürülən insanlara amansız işgəncələr verildi. Qətliam nəticəsində 613 nəfər öldürüldü, 25 nəfər uşaq hər iki valideynini itirdi,1200-dən çox insan itkin düşdü”.
Baş direktor hər il dünyada yaşayan azərbaycanlıların Xocalı soyqırımına qiymət verilməsi ilə bağlı xarici ölkələrdə aksiyalar keçirdiklərini bildirib. Bir neçə il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət!” kampaniyasının başladıldığını qeyd edən Qurban Yetirmişli deyib: “Hər il Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı faciəsi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilir. Bu yürüşlərdə yüz minlərlə insanlar iştirak edir, soyqırımı qurbanlarını dərin hüznlə yad edir. Çox təəssüf ki, hələ də beynəlxalq hüquq müdafiəçiləri bu qətliam haqqında susurlar. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması üçün böyük işlər görülür”.
Hazırda Azərbaycanın regionun lider dövləti olduğunu vurğulayan baş direktor işğal edilmiş torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında azad ediləcəyinə əminliyini ifadə edib.
Daha sonra Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.