QAN YADDAŞI


Xocalı faciəsi qurbanlarının xatirəsi QMİ-nin Gürcüstan nümayəndəliyində anılıb

Tbilisi, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə "Qurani-Kərim"dən ayələr oxunub, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Din xadimlərinin qatıldığı tədbirdə QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev bildirib ki, gürcü və Azərbaycan xalqları tarixən eyni taleləri yaşayıb və bir-birinin dərdini yaxşı başa düşür.

O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı Azərbaycanın müstəqilliyi dövründə ən ağrılı günlərdən biridir. Xocalıya edilmiş hücum nəticəsində bir gecədə şəhər yerlə-yeksan edilib, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib.

Əli Əliyev qarşıdan gələn illərdən birinin "Xocalı İli" elan olunmasını təklif edib.

Tədbirdə QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbərinin müavini Ayvaz Mərdanov Xocalı soyqırımını törədənləri pisləyib və faciə ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Azərbaycan xalqı bu qanlı faciəni heç zaman unutmayacaq. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına inandığını vurğulayıb.

Çıxış edən digər din xadimləri Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.