QAN YADDAŞI


Xocalı faciəsi qurbanlarının xatirəsi Yaponiyada da anılıb VİDEO

Tokio, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Yaponiyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov çıxış edərək bildirib ki, Ermənistan 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunda aqressiv separatizmi və dövlət səviyyəsində terrorizmi açıq dəstəkləməsinə görə məsuliyyət daşıyır. Məhz bu siyasət nəticəsində Azərbaycana qarşı müharibəyə başlayan Ermənistan ərazilərimizin 20 faizini işğal edib, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan çox köklü azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirilib. Eyni zamanda, çoxlu sayda hərbi, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları törədilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət barədə məlumat verən diplomatımız, ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi haqqında danışıb.

Erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə məlumat verən F.Talıbov burada çoxsaylı uşaq, qadın və yaşlı insanların vəhşicəsinə öldürüldüyünü vurğulayıb. Xocalı soyqırımının artıq 12 ölkə tərəfindən müxtəlif səviyyələrdə tanındığı, eyni zamanda, ABŞ-ın 22 ştatında Xocalı soyqırımı ilə bağlı Azərbaycana göstərilən həmrəylik haqqında da məlumat verilib. Tədbir iştirakçıları ermənilərin son vaxtlar cəbhə bölgəsində törətdiyi təxribatlar barədə də məlumatlandırılıblar.

F.Talıbov auditoriyanın diqqətinə çatdırıb ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Diplomat Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib, tədbir iştirakçılarını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmağa çağırıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımına dair hazırlanmış sənədli film nümayiş etdirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.