QAN YADDAŞI
Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan şahmat yarışları başa çatıb
Ağsu, 25 fevral, AZƏRTAC
Ağsuda rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan məktəblilər arasında şahmat üzrə yarışlar başa çatıb. Yarışlar Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlar başlamazdan öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştirakçılara soyqırımının səbəbləri və ağır nəticələri barədə məlumat verilib. Bildirilib ki, qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini mühasirəyə alaraq bütün beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan qəddarlıqla öldürülüb. Habelə, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Qeyd olunub ki, Azərbaycan xalqı Erməni silahlı qüvvələrinin törətdikləri bu dəhşətli faciəni heç vaxt unutmayacaq.
Sonra yarışlara start verilib. Dörd gün davam edən yarışlarda 10 və 16 yaşadək olan məktəbli oğlan və qız iştirak edib. 60 şahmatçı öz zəkasını sınayıb. Qızlar bir qrupda, oğlanlar isə iki qrupda yarışıblar. Yarış dairəvi sistem üzrə keçirilib.
Hər qrupda I, II və III yerlərə layiq görülən şahmatçılar qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıblar.