REGİONLAR
Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş cinayətdir
Ağcabədi, 23 fevral, AZƏRTAC
Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin və qardaş Türkiyədə zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edərək, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib. Vurğulayıb ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra verilib.
Tədbirdə çıxış edən GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən danışıb. Bildirib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.
1 saylı ərazi partiya təşkilatının sədri Samirə Nəsirova, GTM Qarabağ Regional ofisinin könüllüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi, Xocalı sakini İlahə İsmayılzadə və 7 saylı ərazi partiya təşkilatının sədri Polad Musayev çıxışlarında Xocalı qətliamının amansızlığına, qəddarlığına görə bəşər tarixində qaldığını, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş cinayət olduğunu bildiriblər.
Tədbirdə 5 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya təqdim edilib. Sonra faciədən bəhs edən sənədli film nümayiş olunub.