QAN YADDAŞI
Xocalı faciəsinə həsr edilmiş Ukrayna-Azərbaycan onlayn konfransı keçirilib
Kiyev, 25 fevral, AZƏRTAC
“Xocalı faciəsi bütün bəşəriyyətin faciəsidir” mövzusunda Ukrayna-Azərbaycan onlayn konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil edilmiş tədbiri Mərkəzin direktoru Rəvan Həsənov açıb. O qeyd edib ki, Xocalı faciəsi XX əsrin sonunda törədilmiş ən dəhşətli cinayətlərdən biridir.
R.Həsənov deyib: “Biz hər dəfə sənədli fotoşəkillərə, videolara baxanda, hadisələrin şahidlərinin sözlərini təkrar-təkrar oxuyanda erməni hərbçilərinin törətdiyi vəhşiliklərə görə dəhşətə gəlirik. Azərbaycan xalqı bəşəriyyəti buna oxşar etnik təmizləmələrdən qorumaq üçün tarixi həqiqəti dünyaya çatdırır. Biz hər dəfə Xocalı üçün ədalətə çağıranda eyni zamanda insanlığa, humanizmə çağırırıq”.
Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Samir Allahverdiyev bu cinayəti beynəlxalq hüquq baxımından qiymətləndirib, Azərbaycan diplomatları tərəfindən aparılan, beynəlxalq birliyi ermənilərin törətdiyi insanlığa zidd cinayətlər barədə məlumatlandırmağa yönəlmiş iş barədə söhbət açıb. S.Allahverdiyevin sözlərinə görə, Azərbaycan dövlətinin Xocalıda törədilmiş kütləvi qırğın barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmiş fəaliyyəti beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə, humanizmə riayət edilməsi, etnik nifrət zəminində kütləvi cinayətlərin kökünün kəsilməsi uğrunda mübarizə işinə böyük töhfə verir.
BBMM-nin baş müşaviri Tofiq Abbasov ermənilər tərəfindən törədilmiş qırğının qəddarlığını qeyd edərək onu digər faciəli hadisələrlə müqayisə edib. O vurğulayıb ki, tarixdə etnik nifrət zəminində törədilmiş bu cür qanlı təmizləmə əməliyyatları günahsız insanların ölümünə səbəb olub. T.Abbasovun sözlərinə görə, Azərbaycan ardıcıl olaraq tarixi ədaləti bərpa edir və ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən təqribən otuz il sonra öz ərazi bütövlüyünü bərpa edə bilib. Azərbaycan dövləti Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün böyük iş aparır.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Oleq Kupçik, Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Milli Kitabxanasının böyük elmi işçisi, tarix elmləri namizədi Aleksandr Dudnik, tarix elmləri namizədi Vladimir Omelçuk da çıxış edib. Onlar vurğulayıblar ki, Ukrayna Azərbaycanı həmişə rəsmi səviyyədə dəstəkləyib, Azərbaycan xalqına qarşı cinayətləri pisləyib.
Konfransın moderatoru BBMM-nin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk olub.
Konfransda tarixçilər, Taras Şevçenko adına Kiyev Milli Universitetinin, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin, V.V.Vernadski adına Tavrik Milli Universitetinin, Kiyev Mədəniyyət Universitetinin, Xarkov Milli Daxili İşlər Universitetinin, Qərbi Ukrayna Milli Universitetinin, Poltava İqtisadiyyat və Ticarət Universitetinin müəllimləri və tələbələri iştirak ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev