QAN YADDAŞI
Xocalı faciəsinin görüntülərini Praqanın minlərlə sakini və çoxsaylı turistlər izləyib VİDEO
Praqa, 5 mart, AZƏRTAC
Çexiyanın paytaxtı Praqa şəhərinin tarixi mərkəzi olan “Qədim şəhər meydanı”nda (“Staroměstské náměstí”) Xocalı soyqırımı hadisəsinin dünyaya çatdırılması məqsədi ilə Azerbaijan Student Network və “İndeks” təşkilatları tərəfindən tədbir keçirilib.
İzdihamlı meydandakı orta əsrlərə aid memarlıq abidəsi kimi məşhur bina üzərində Xocalı faciəsinin görüntüləri videoməpinq vasitəsi ilə vizual formada nümayiş olunub. Bu tükürpədən kadrları Praqanın minlərlə sakini və çoxsaylı turistlər izləyib.
Təsirli bədii instalyasiya əsərinin yaradılmasında Azərbaycanın “Hipnotika” və Çexiyanın “Blak/Divizion” gənc dizaynerlər komandaları birgə iştirak ediblər. “Kədər küləyi” (“Winds of Sorrow”) instalyasiyasının müəllifi, Azərbaycan yaradıcı qrupunun rəhbəri Cavid Quliyev bəzi məqamları şərh edərək dedi: “Bu əsərdə biz qanlı tarixə çox həssaslıqla yanaşmağa, hər detalı müəyyən çərçivələri qorumaqla göstərməyə çalışdıq. Buna görə də görüntüləri ağ–qara üslubda işlədik. Təbii ki, milli qəhrəman, jurnalist Çingiz Mustafayevin də bu süjetdə yer almasına qərar verdik”.
Qeyd etmək lazımdır ki, tədbirin hazırlanması bir neçə ay çəkib. Texniki təminatın müəyyən edilməsi, münasib binanın seçimi, Praqa meriyası ilə danışıqlar, razılıq sənədinin alınması və digər məsələlər “Azerbaijan Student Network” (Azərbaycanlı Tələbələr Şəbəkəsi) təşkilatı tərəfindən həyata keçirilib və uğurla həll edilib.
Təşkilatın rəhbəri Nazim Əliyevin dediklərindən: “Bu 15 dəqiqəlik videoməpinqin nümayişi bir çox insanın aylarla gördükləri gərgin iş sayəsində mümkün olub. Mən onların hamısına və bizi dəstəkləyən hər kəsə minnətdarlığımı bildirmək istərdim. Əsas məqsədimiz mümkün qədər geniş auditoriya qarşısına çıxmaq və haqq səsimizi daha təsirli tərzdə çatdırmaq idi. Məhz buna görə də vizual incəsənət olan video məpinqə üstünlük verdik. Necə deyərlər, bir dəfə göstərmək yüz dəfə deməkdən daha inandırıcıdır. Düşünürəm ki, məqsədə nail ola bildik. Göstərdik ki, Azərbaycan və çex xalqları fərqli olmağa rəğmən, onların bölüşdüyü ümumi ideallar da az deyil”.
Meydana toplaşan şəhər əhalisi, dünyanın dörd bir yanından gələn yüzlərlə turist, dəvət edilən qonaqlar təqdim olunan videoməpinqi diqqətlə izləyiblər. Onların sırasında Çexiyanın ictimai–siyasi xadimləri, Türkiyə səfiri Ahmet Necati Bıgalı, Çex respublikasında akkreditə olunan digər xarici səfirliklərin nümayəndələri, media və incəsənət təmsilçiləri, tələbələr, Azərbaycan və türk diasporlarının üzvləri də vardı.
Tədbirin iştirakçıları arasında olan Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev bu tədbiri tarixi ədalətin bərpasına beynəlxalq dəstəyin artırılması kimi qiymətləndirdi. O, eyni zamanda görülən ümumi işin Çexiya və Azərbaycan arasında qarşılıqlı anlaşmanın səviyyəsinin göstəricisi olduğunu bildirdi.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa