QAN YADDAŞI
Xocalı faciəsinin qurbanları Gəncədə yad edilib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Xocalı soyqırımı faciəsinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin dəstəyi ilə reallaşıb.
AYB-in Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül Hüseynova erməni fitnəkarlığından, iki əsir onların başımıza gətirdiyi ağrı-acılardan, fəlakətlərdən söz açıb. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni quldurları Xocalıda tarixdə görünməmiş qətliam törədiblər. Xocalı şəhəri yerlə-yeksan edilib, qoca, uşaq, qız-gəlin əsir götürülüb, şəhər yer üzündən silinib. Xocalıda baş verən dəhşətlər heç bir faciə ilə müqayisə oluna bilməz.
Xocalıda baş verənlərə görə günahkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini söyləyən şair Aləmzər Əlizadə Gəncəbasar şair və yazıçılarının Xocalıya həsr etdikləri əsərlərinin yaxın zamanda kitab şəklində işıq üzü görməsini təklif edib.
Sonra bir sıra şair və yazıçıların Xocalı soyqırımı ilə bağlı mülahizələri dinlənilib, şeirləri qiraət edilib.
Tədbir çərçivəsində Şəfəq Sultan Əlixanlının tərcüməsində çap olunmuş türk yazarı Camal Aydının “Daşa qazınmış xəyanət” və İradə Əlilinin “Xocalı: Şəhidlər danışır” kitablarının təqdimatı olub.