QAN YADDAŞI
Xocalı faciəsinin qurbanları İranda da anılıb
Tehran, 26 fevral, AZƏRTAC
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ölkəmizin İrandakı səfirliyində anım mərasimi keçirilib.
Müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayan mərasimdə İran Xarici İşlər Nazirliyinin rəsmiləri, Tehranda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyət nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Səfirliyin əməkdaşları fars və ingilis dillərində çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Xocalıda törətdikləri qətliam, Dağlıq Qarabağda azərbaycanlılara məxsus tarixi, dini və mədəni abidələri məhv etmələri haqqında geniş məlumat veriblər.
Qeyd olunub ki, bütün beynəlxalq qanunları tapdalayan Ermənistan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri olan Xocalını mühasirəyə alaraq misli görünməmiş soyqırımı həyata keçiriblər. Uşaqlara, qadınlara və qocalara rəhm etməyən erməni silahlı birləşmələri 613 nəfəri xüsusi qəddarlıqla öldürüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. Faciə zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir məlumat yoxdur.
İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin çıxış edərək Xocalı şəhidlərinə uca Allahdan rəhmət diləyib, ölkəmizdə işlədiyi müddətdə faciə barədə eşitdiklərindən və gördüklərindən danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını regionun təhlükəsizliyinə və inkişafına ən böyük maneə adlandırıb. M.Pakayin İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov xalqımızın kədərini bölüşmək üçün mərasimə toplaşanlara minnətdarlığını ifadə edib. Səfir Azərbaycan xalqının və Xocalı sakinlərinin beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verilməsini gözlədiklərini vurğulayıb.
Tədbir zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış video və foto materiallar paylanılıb. Həmçinin Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran