QAN YADDAŞI
Xocalı hadisələrinin xatirəsi bütün dünya üçün önəmlidir
Kiyev, 26 fevral, AZƏRTAC
Ukrayna Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında “Xocalı faciəsi beynəlxalq hüquq və ümumbəşəri dəyərlər nöqteyi-nəzərindən bəşəriyyət əleyhinə presedent kimi” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin köməyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Ukrayna Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası tərəfindən təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Marina Qonçaruk iştirakçılara tarixi həqiqətlər haqqında faktların yayılmasına kömək edən, bəşəriyyətə qarşı cinayətlər barədə məlumatlandıran bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb. “Ukraynalılar azərbaycanlıları daim qardaş xalq hesab ediblər. Biz sizin ağrınızı hiss edirik. Bu gün Xocalı faciəsindən danışarkən biz Azərbaycan xalqı ilə birgə kədərlənirik və bu dəhşətli cinayəti törədənlərin cəzalandırılmasını tələb edirik. Mən əminəm ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı an gəlib çatacaq. Azərbaycan ərazilərini işğal etmiş, burada etnik təmizləmə aparmış cinayətkarlar cəzalarını alacaqlar”, - deyə Marina Qonçaruk qeyd edib.
Tədbirdə, həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov çıxış edib. O qeyd edib ki, tarixi həqiqəti ictimaiyyətə çatdırmaq, tarixin faciəli səhifələri barədə onu məlumatlandırmaq, bu hadisələrə lazımi qiymət vermək, buna bənzər faciələrin bir daha baş verməməsi üçün bütün səylərdən istifadə etmək bu gün son dərəcə əhəmiyyətlidir. Azərbaycan diplomatı Xocalı faciəsinin şahidlərinin xatirələrini bölüşüb.
V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının beynəlxalq informasiya və xarici əlaqələr şöbəsinin müdiri Tatyana Arseyenko Azərbaycan xalqına başsağlığı verib və Milli Kitabxananın Ukrayna cəmiyyətinin tarixi reallıqlar barədə məlumatlandırılmasına hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.
Şairə, Azərbaycan ədəbiyyatının tərcüməsi Lesya Mudrak öz çıxışında diqqətə çatdırıb ki, azərbaycanlılar tarixlərinin faciəli səhifələrinə baxmayaraq, dünyanı, o cümlədən öz unikal ədəbiyyatı vasitəsilə ümumbəşəri dəyərlərə əməl etməyə çağırırlar.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun türkologiya kafedrasının müdiri İrina Pokrovskaya, Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının (Paris) beynəlxalq katibi Dmitri Çistyak, Ukrayna-Azərbaycan münasibətlərinin tədqiqi ilə məşğul olan alimlər - Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik və Ukrayna Milli Kitabxanasının böyük elmi işçisi Aleksandr Dudnik də çıxış ediblər.
Tədbirdə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin, habelə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Azərbaycan qrupunun tələbələri də iştirak ediblər. Filologiya İnstitutunun Azərbaycan qrupunun 3-cü kurs tələbəsi Sofya Nəzərova Xocalı qırğını zamanı sağ qalmış qızın monoloqunu səsləndirib.
Tədbirdə Ukrayna Milli Kitabxanasının fondlarında saxlanılan Xocalı faciəsinə dair ədəbiyyatın sərgisi keçirilib. Kitabxanaya tarixi reallıqları əks etdirən yeni ədəbiyyat hədiyyə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev