QAN YADDAŞI
Xocalı həqiqətlərini dünyaya çatdırmaq hər bir azərbaycanlının borcudur
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov erməni silahlı dəstələrinin sovet imperiyasının havadarlığı ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi vəhşiliklərdən söz açıb. O, dövlət səviyyəsində Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən də danışıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsindən görülən tədbirlər nəticəsində bir çox ölkələr Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb.
Sonra institutun Folklor Studiyasının Xocalı faciəsi ilə bağlı hazırladığı film və klip nümayiş olunub.
Müasir folklor şöbəsinin müdiri Füzuli Bayat, xarici əlaqələr bölməsinin rəhbəri Əli Şamil və filologiya üzrə elmlər doktoru İslam Sadıq Xocalı həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında hər bir Azərbaycan vətəndaşının məsuliyyət daşıdığını bildiriblər.