QAN YADDAŞI
Xocalı qətliamı Azərbaycan xalqına vurulan ən ağır zərbədir VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
İyirmi səkkiz il əvvəl ermənilər ağlasığmayan qəddarlıqla xocalılılara divan tutdular. Bu soyqırımı xalqımızın köksündə sağalmaz yaraya çevrilib. Həmin gecə şəhidlər verdik. Dil açmayan körpələrimizi ermənilər qətlə yetirdilər. Şəhidlərimizin çoxunun məzarı yoxdur. İtkin düşənlər barədə indiyə qədər məlumatlı deyilik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ana harayı” abidəsini ziyarət edən Xocalı şəhər sakini Tofiq Süleymanov deyib.
“Bu hadisələr baş verəndə əsir düşənlərdən biri də mən olmuşam. Tez-tez “Ana harayı” abidəsinə sığınıb şəhidlərimizə, düşmən tapdağı altında qalan yurdumuz üçün kədərlənirəm. Xocalıda günahsız insanlar - qocalar, qadınlar, uşaqlar, gənclər qətlə yetiriliblər. Bu qətliam Azərbaycan xalqına vurulan ən ağır zərbədir. Lakin günahsız tökülən qanlar yerdə qalmayacaq. Dünya birliyi bu amansız soyqırımına hələ də biganədir”, - deyə T.Süleymanov söyləyib.
Xocalının düşmən tapdağından tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirən müsahibimiz deyib: “Azərbaycan güclü dövlətdir. Ermənistanla müqayisə olunmayacaq dərəcədə qüdrətlidir. Ölkəmizin dünyada nüfuzu getdikcə artır. Biz ölkəmizə, dövlətimizə arxalanırıq”.