MƏDƏNİYYƏT


Xocalı qurbanlarının xatirəsi Musiqi Mədəniyyəti Dövlət Muzeyində də anılıb

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bəstəkarlar İttifaqı ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “XX əsrin Faciəsi” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Xocalı faciəsi haqqında danışıb.

Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda çıxış edib. Tədbirdə Xocalı şəhidi Yalçın Əsədovun bacıları Könül Əsədova və Təranə Tağıyeva qardaşları və Xocalı hadisələri haqqında xatirələrini danışıblar. Şairə Lalə İsmayıl müəllifi olduğu və əsrin faciəsinə həsr etdiyi “Unutmadıq” kitabı haqqında çıxış edib, muzeyin Qədim Musiqi Alətləri Ansamblının artisti, Əməkdar artist Davud Abdullayevin müşayiəti ilə “Xocalı” şeirini söyləyib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda, bəstəkar, Azərbaycan Televiziyası və Radiosunun musiqi redaksiyasının baş redaktoru Azad Zahid vətənpərvərlik mövzusunda yaradıcılığı haqqında çıxış ediblər. Sonra Azad Zahidin bəstəkarı olduğu “Kül altından boy atacaq Xocalı” filmindən fraqmentlər nümayiş olunub.

Tədbirdə bəstəkar Yusif Mirişlinin “Xocalı – 613” simfonik poemasından musiqinin müşayiəti ilə Xocalı soyqırımını əks etdirən slayd-şou nümayiş olunub, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Xalq artisti Munis Şərifov Xocalı şəhidlərinin xatirəsinə “Bayatı–Şiraz” muğamını ifa edib. Sonda Azad Zahidin “Qalib sərkərdə” mahnısının klipi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.