QAN YADDAŞI


Xocalı qurbanlarının xatirəsi Qəbələdə də yad olunub

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Qəbələ Arxeoloji Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin N saylı hərbi hissəsinin zabit və gizir heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin zabitləri, rayonun Kiçik Pirəli kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinin dinc əhalisinə qarşı ağır hərbi texnika yeridərək, misli görünməmiş qəddarlıqlar törədiblər. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Tədbirdə digər çıxış edənlər Xocalı soyqırımını Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisini məhv etmək niyyəti ilə törədilmiş kütləvi qırğın aktı olduğunu vurğulayıblar.

Tədbirdə Kiçik Pirəli kənd tam orta məktəbinin şagirdləri Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularına həsr olunmuş şeirlər söyləyiblər.

Sonda Xocalı soyqırımına həsr olunan sənədli filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.