REGİONLAR
Xocalı sakini: Dövlətimizin qayğısını hər zaman hiss etmişik
Göyçay, 26 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı hər bir məcburi köçkün kimi Xocalı rayon Kosalar kəndindən olan Rasim Əhmədovu da sevindirib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında məskunlaşan Rasim Əhmədov AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının imzaladığı Fərman ailəsi tərəfindən razılıqla qarşılanıb.
“Uzun illərdir məcburi köçkün həyatı yaşayırıq. Bu günə kimi çox çətinliklərlə üzləşmişik. Amma hər zaman üzərimizdə dövlətimizin qayğısını hiss etmişik. Bu günlərdə verilən qərarla məcburi köçkünlər üçün vahid aylıq müavinətin təyin olunması və birbaşa kartla ödənilməsi təqdirəlayiq haldır. Bu, məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə və ünvanlılığın təmin olunmasına xidmət edəcək. Prezidentimizə minnətdarıq ki, məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir”, - deyə o bildirib.