QAN YADDAŞI
Xocalı sakini: Ermənilərin vəhşilikləri nəticəsində mənim kimi çoxlu sayda xocalılı atasız və anasız qaldı
Bakı, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, soyqırımı törədiblər. Soyqırımı nəticəsində mənim kimi çoxlu sayda xocalılı atasız, anasız, qardaşsız, bacısız qaldı. Bu soyqırımı ilə bizə - xocalılılara ağır bir dağ çəkildi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ana harayı” abidəsini ziyarət edən Xocalı şəhər sakini Samran Kərimov deyib.
Samran Kərimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlər aparılır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördüyü işlər xüsusi vurğulanmalıdır. O deyib: “Əminəm ki, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət nəticəsində işğalda olan torpaqlarımız azad ediləcək. Biz həmin günü və öz doğma torpaqlarımıza geri dönməyi səbirsizliklə gözləyirik”.