QAN YADDAŞI
Xocalı sakinləri ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ümidi ilə yaşayırlar
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə ermənilərin Xocalıda törətdikləri qırğınlardan söz açıb, bu faciədə dinc və günahsız insanların vəhşicəsinə qətlə yetirildiyini söyləyib.
Qeyd edilib ki, Xocalı faciəsi bütün insanlığa, bəşəriyyətə qarşı törədilən ən ağır, ən qatı cinayətdir. Doğma yurdlarından didərgin salınmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi deməyə əsas verir ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaq. Bunu şərtləndirən ən böyük amillər - xalqımızın vətənpərvərliyi, igidliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir.