MƏDƏNİYYƏT


“Xocalı-şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 25 fevral, AZƏRTAC

Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı – şəhid şəhər” adlı müsabiqənin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə 225-dək uşaq və yeniyetmənin 250-dən çox sənət əsəri nümayiş edilib.

Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Əməkdar rəssamlar Aydın Rəcəbov, Rafael Muradov, rəssam Nazim Məmmədbəyov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşı Azər Rəhimov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb, sərgidə nümayiş edilən əsərlərlə bağlı təəssüratlarını bölüşüblər.

Xocalı soyqırımının başvermə səbəb və nəticələrindən danışan natiqlər diqqətə çatdırıblar ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsidir. Xocalı soyqırımına siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.

Məlumat verilib ki, müsabiqəyə respublikamızın müxtəlif guşələrindən 700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə virtual olaraq qatılıb.

Sonra işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunublar.

Xatırladaq ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.