QAN YADDAŞI


Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Səbail rayonunda 613 ağac əkilib

Bakı, 23 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 23-də Səbail rayonu, Salyan şosesi, 32 ünvanında Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının, eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini əbədiləşdirmək üçün rayon ərazisində yaşayan xocalılıların, şəhid ailələrinin iştirakı ilə 613 ağac tingi əkilib.

Tədbir zamanı qeyd olunub ki, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Bildirilib ki, son illər ərzində ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər tarixi Qələbəmizi şərtləndirən mühüm məsələlər sırasındadır. Qətiyyətli lider, müzəffər ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Vətən müharibəsindəki misilsiz Qələbə Azərbaycan xalqının, onun liderinin, qəhrəman ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Diqqətə çatdırılıb ki, fevralın 16-da - Vətən müharibəsində qazanılan Qələbənin 100-cü günü münasibətilə Səbail rayonunda 200 ağac əkilib.

Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirən xocalılılar görüşdə çıxış edərək ötən 29 il ərzində Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması ümidi ilə yaşadıqlarını söyləyiblər. Onlar tariximizin bu mərhələsində qazandığımız Qələbənin böyük xoşbəxtlik olduğunu bildiriblər.

Tədbirdə iştirak edən şəhid Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşud Babayeva 44 günlük Vətən müharibəsində Zəfərin ölkə başçısının uzaqgörən siyasəti və qətiyyətli addımları və Vətən oğullarının gözünü qırpmadan canından, qanından keçməsi hesabına qazanıldığını bildirib. O, torpaqlarımızın düşmən tapdağından qurtulmasının şəhidlərin narahat ruhuna rahatlıq bəxş etdiyini və şəhid ailələrinin yaralı qəlblərinə məlhəm olduğunu bildirib.

Xocalı şəhər sakini Rəhman İsmayılov deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları 366-cı motoatıcı alayın köməyi ilə Xocalıya hücum etdilər. Həmin gecə əliyalın sakinlərə qarşı misli görünməmiş qətliam törədildi. O vaxt ordumuz indiki kimi qədər güclü deyildi. Elə buna görə də torpaqlarımızın 20 faizi işğal olundu və doğma yurd-yuvamızdan didərgin düşdük.

Mən Birinci Qarabağ Müharibəsinin qazisiyəm. Neçə illərdir ki, doğma Qarabağın işğaldan azad olunması arzusu ilə yaşayırdım. Şükürlər olsun ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni qaniçənlərindən təmizlədilər. Vətən müharibəsi ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Əminəm ki, Xocalı şəhidlərinin də ruhu şaddır. Xocalılılar öz doğma yurd-yuvalarına qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər. Dövlət başçısının ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri bizi daha da ruhlandırdı. Bu səfərlərdə həm də simvolik bir məna da var: bu torpaqlar bizimdir, yaxın müddətdə Qarabağımıza qayıdacaq və oranı cənnətə çevirəcəyik”.

Xocalı sakini faciənin dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb və hazırda dünyada ikili standartlarla üz-üzə olduğumuzu təəssüflə qeyd edib: “Dünya ölkələrinin əksəriyyəti həqiqətlərə qarşı ya kordur, ya da onları görmək istəmirlər. Ona görə də Xocalı faciəsini, onun dəhşətlərini bütün dünyaya olduğu kimi çatdırmaq olmur. Ümid edirəm ki, bütün dünya gec-tez Xocalı faciəsini və ermənilərin necə amansız və qaniçən olduğunu başa düşəcək və qəbul edəcək, çünki həqiqət mütləq üzə çıxacaq”.

Vətən müharibəsinin iştirakçısı Orxan Aydınov isə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün sevindiyini bildirib: “Çox sevinirəm ki, Qarabağın düşmən əsarətindən azad edilməsində az da olsa mənim də payım oldu. Hər birimiz bu günü səbirsizliklə gözləyirdik. İllər boyu ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri eşidə-eşidə, görə-görə gəlirdik. Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, orada törədilən amansız qətliam hər birimizdə düşmənə nifrət hissi oyatmışdı. İntiqam alacağımız günü səbirsizliklə gözləyirdik və ötən il bu arzumuz həqiqətə çevrildi. Döyüşlərə qisas, nifrət və Vətən sevgisi hissləri ilə atılırdıq. Hər birimiz şəhadətə hazır idik. Bu, silaha sarılan hər bir əsgərin amalı idi. İnanıram ki, xalqımızın əldə etdiyi bu Zəfərdən sonra Qarabağın səmasında dolanan nigaran və narahat şəhid ruhları rahatlığa qovuşdu”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.