QAN YADDAŞI


Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşında daim qalacaq

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən direktor, professor Maisə Rəhimova Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni işğalçılarının başladığı müharibədə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər içində Xocalı soyqırımının xüsusi yer tutduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni hərbçiləri mühasirədə olan Xocalı şəhərinə hücum edib. Nəticədə 613 nəfər azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Maisə Rəhimova qeyd edib ki, yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılıb və bu istiqamətdə mühüm işlər görülüb.

Professor Hidayət Cəfərov, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və başqaları Xocalı soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşayacağına, bu cinayətləri törətmiş erməni işğalçıların cəzalarına çatacağına əminliklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.