QAN YADDAŞI
Xocalı soyqırımı XX əsrin ən qanlı faciəsidir
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən direktor, AMEA-nın müxbir üzvü Oqtay Səmədov Xocalı soyqırımının Azərbaycan tarixinə ən qanlı və faciəli səhifələrdən biri kimi daxil olduğunu deyib. Qeyd edib ki, 1992-ci il fevralın 26-da erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyilə Xocalıda qanlı hadisələr törədiblər. Xocalının 613 sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib, yüzlərlə insan əsir götürülüb. Bu faciəyə siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olub.
İnstitutun direktoru Oqtay Səmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətindən danışıb.
Digər çıxış edənlər də xalqımızın Xocalıda xüsusi qəddarlıqla qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsini daim əziz tutduğunu və ehtiramla yad etdiyini bildiriblər.