QAN YADDAŞI
Xocalı soyqırımı bəşər tarixində törədilmiş ən qanlı faciələrdəndir VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantını giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov 366-cı motoatıcı alayın iştirakı ilə erməni-daşnak millətçiləri tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilmiş soyqırımı aktının XX əsrin ən böyük cinayətlərindən biri olduğunu qeyd edib. Bu cinayətin erməni millətçilərinin Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdıran Akademiya rəisi baş vermiş soyqırımına beynəlxalq hüquq müstəvisində qiymət veriləcəyinə əminliyini bildirib.
Pənah Süleymanov Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. O, bu vəhşi akt haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qanlı hadisənin soyqırımı kimi tanınması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğunu diqqətə çatdırıb və cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Anım tədbirində Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.