QAN YADDAŞI
Xocalı soyqırımı bəşər tarixinin ən faciəvi hadisələrindən biridir VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin inzibati binasında anım mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə idarənin şəxsi heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan və həmin dəhşətli gecəni əks etdirən fotostendə baxıblar.
Anım mərasimi Xocalı faciəsi qurbanlarının və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradalı Babayev Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb. O bildirib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
M.Babayev Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildən başladılmış “Xocalıya ədalət!” təbliğat-informasiya kampaniyasının rolunun böyük olduğunu vurğulayıb.
Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvləri qeyd ediblər ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Sonda diqqətə çatdırılıb ki, Xocalı hadisələrinə tarixi qiymət ümummilli lider Heydər Əliyevin 1994-cü il martın 1-də imzaladığı xüsusi Fərmandan sonra verilib. 1997-ci il fevralın 25-də isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzalanıb. Milli Məclisin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara müraciətlər edilib.