ELM VƏ TƏHSİL
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətlər içində amansızlığı və qəddarlığı ilə seçilir
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Xocalı soyqırımı ilə bağlı çıxış edib. Bildirib ki, Xocalı faciəsi XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayətlər içində amansızlığı və qəddarlığı ilə xüsusi seçilir. Erməni işğalçılarının törətdiyi vəhşilik nəticəsində 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, onlardan 155-nin taleyi bu günədək məlum deyil. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, Milli Məclisin qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib. Xocalı qətliamının dünya miqyasında tanınması istiqamətində sistemli iş aparılması üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına başlanılıb. Bütün bunlar öz müsbət nəticələrini verməkdədir.
Sonra institutun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərov erməni işğalçıları tərəfindən Xocalı şəhərinin hədəf seçilməsi səbəblərindən danışıb.
Xocalı soyqırımının şahidi, institutun əməkdaşı, arxeoloq Fəqan Yaqubov, elmi müəssisənin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları, etnoqraflar Pirağa İsmayılzadə, Tahir Şahbazov bildiriblər ki, bu bəşəri cinayət haqqında həqiqətlər daim beynəlxalq aləmdə təbliğ edilməlidir.